2022-01-06

Azərbaycanın Latviyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

Dekabrın 10-da Azərbaycan Respublikasının Latviyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə bu ölkənin sabiq Prezidenti Valdis Zatlers, Xarici İşlər Nazirliyinin İkitərəfli Əlaqələr Direktoratlığının baş direktoru Nils Yansons, Türkiyə, Rusiya, Ukrayna, Moldova və Qazaxıstanın səfirləri, eləcə də Latviyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səfirlikdə ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək müasir Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, ölkə rəhbəri kimi onun SSRİ dövründə öz xalqı üçün gördüyü misilsiz işlərdən, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində yorulmaz fəaliyyətindən, ölkə Prezidenti kimi xalq qarşısında böyük xidmətlərindən, o cümlədən Azərbaycan dövlətçiliyinin qurulması və inkişaf etdirilməsi istiqamətində uzaqgörən siyasətindən bəhs edib. Həmçinin Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin qurulmasındakı böyük rolundan və Heydər Əliyevin azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verib. E.Sultanov vurğulayıb ki, Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycan bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.
Səfir diqqətə çatdırıb ki, Ermənistanın işğalı altında olan torpaqlarımız bir il öncə, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Prezident İlham Əliyev bu Zəfərlə ata vəsiyyətini yerinə yetirib. E.Sultanov qeyd edib ki, Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövləti onun ən böyük əsəridir və Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers uzaqgörən dövlət xadimi Heydər Əliyev haqqında fikirlərini bölüşüb. O, Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu olduğunu söyləyib və tarixi şəxsiyyət kimi onun Azərbaycan tarixində müstəsna rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan ona görə hazırda müasir inkişaf dövrünü yaşayır ki, Heydər Əliyev kimi dünyaşöhrətli siyasətçi çox çətin bir zamanda bu dövlətə rəhbərlik edərək onun inkişaf strategiyasını müəyyən edib. O, Heydər Əliyev tərəfindən dünyəvi dövlət qurulduğunu və ilk dəfə Azərbaycanın regionda balanslı xarici siyasət həyata keçirdiyini diqqətə çatdırıb. O, 2008-ci ildən etibarən hər il Azərbaycanı ziyarət etdiyini və Azərbaycanda valehedici inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb.
Daha sonra Latviya Simfonik Orkestrinin musiqiçilərindən ibarət kvartetin ifasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cakomo Puççini və Sergey Raxmaninovun əsərlərindən ibarət musiqi proqramı təqdim olunub və ehsan süfrəsi açılıb.

f1f2f3

Arxiv üzrə axtarış