Latviyada Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir təşkil edilib
14 dekabr 2021-ci il tarixində Latviya Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi təşkil olunub.
Sərgi Azərbaycanın Latviyadakı səfirliyinin UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Latviya Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində açılıb. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.
Tədbirdə, həmçinin son illər Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və Nizami Gəncəvinin əsərlərindən ibarət kitablar, digər nəşrlər nümayiş etdirilib və Latviya Milli Kitabxanasına hədiyyə olunub.
Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers, eləcə də Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintira Mukane çıxış edib və Latviya Milli Kitabxanasının direktoru Andris Vilksin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
Səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və bunun dahi şairin əsərlərinin və ölməz ideyalarının dünyada daha geniş şəkildə tanıdılması məqsədi daşıdığını bildirib. O, Şərqin və Qərbin dünya şöhrətli ədiblərinin öz yaradıcılıqlarında Nizami Gəncəvidən təsirləndiyinə diqqət çəkərək ölməz şairin təşviq etdiyi humanizm, bərabərlik, ədalət, sülh kimi ümumbəşəri dəyərlərin dünyanın gündəliyində duran vacib məsələlərdən olduğunu qeyd edib. Elnur Sultanov miniatür sənətinin orta əsrlərdən etibarən ölkəmizdə məşhur olan sənət sahəsi kimi populyar olduğunu və Azərbaycan xalqının milli kimliyini əks etdirdiyini söyləyib. Bildirib ki, miniatür sənəti 2020-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
O, çıxışında Latviya ilə Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə hər il Latviya Milli Kitabxanasında Nizami Gəncəvi poeziya günlərinin keçirilməsini təklif edib. Latviya Respublikasının sabiq prezidentləri Vayra Vike-Freyberqa və Valdis Zatlersin Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunmalarının Azərbaycan-Latviya əlaqələrinə xüsusi və unikal xarakter verdiyini qeyd edən səfir Elnur Sultanov Latviya Milli Kitabxanasına hədiyyə edilən kitablara görə Heydər Əliyev Fonduna, tədbirin təşkilinə verdiyi dəstəyə görə isə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Latviya Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib.
Valdis Zatlers çıxışında qeyd edib ki, Nizami Gəncəvinin əsərləri bütün bəşəriyyətin mədəni irsidir. O bildirib ki, 880 il sonra Nizami Gəncəvinin əsərlərinin müasir dövrdə bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi onun əsərlərində təbliğ olunan humanizm ideyasıdır və humanizmin zaman və məkan sərhədi yoxdur. O, təşkil olunan sərginin mədəni diplomatiyaya çox gözəl nümunə olduğunu vurğulayıb. Bildirib ki, siyasət və siyasətçilər dəyişə bilər, lakin mədəni diplomatiya qalıcıdır.
Valdis Zatlers Nizami Gəncəvinin əsərləri və onun dövlətin necə idarə olunması haqqında fikirləri, cəmiyyətlə münasibətlərin qurulması, qadının cəmiyyətdə yeri və rolu ilə bağlı düşüncələrinin bugünkü cəmiyyətimiz üçün də aktual olduğunu diqqətə çatdırıb. O, çıxışında tədbirin təşkilatçılarına və Latviya Milli Kitabxanasına hədiyyə edilən dəyərli kitablara görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib.
Latviya Milli Kitabxanasının direktoru Andris Vilksin səsləndirilən müraciətində qeyd olunub ki, Latviya Milli Kitabxanası Azərbaycan Milli Kitabxanası ilə uzun müddətdir səmərəli əməkdaşlıq edir və 2019-cu ildə kitabxanaya Azərbaycan tərəfindən kitablar hədiyyə olunub. Həmçinin Azərbaycan Milli Kitabxanasında Latviya guşəsinin açılmasının təqdirəlayiq hal hesab edildiyi diqqətə çatdırılıb. Təşkil edilən sərginin tədbir iştirakçıları və ziyarətçilər üçün Nizami Gəncəvinin zəngin irsi ilə tanışlıq baxımından çox gözəl imkan olduğu vurğulanıb.
Latviyanın dövlət rəsmilərinin, tanınmış ictimai-siyasi xadimlərinin, diplomatik korpusun üzvləri və diaspora nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Xalq artisti Əvəz Abdulla tərəfindən Nizami Gəncəvinin əsərlərinə bəstələnən romanslar və digər musiqi əsərləri yüksək məharətlə ifa edilib. Tədbirin sonunda ziyafət təşkil olunub və Azərbaycan milli yeməkləri təqdim edilib.