2022-02-24

Yurmala şəhərində yerləşən Dubulti Yevangelist Lüteran Kilsəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Yurmala şəhərində yerləşən Dubulti Yevangelist Lüteran Kilsəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Elnur Sultanov tədbirdə çıxış edərək Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 30-cu ildönümünün ölkəmizdə və beynəlxalq miqyasda anıldığını diqqətə çatdırıb. O, Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verərək bu qanlı cinayətin Ermənistanın Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfir çıxışında Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, həmçinin bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olduğunu söyləyib.

O vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı Soyqırımı Günü” kimi qəbul edib. Daha sonra o, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması və cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd edərək 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadığını deyib. Həmçinin diqqətə çatdırıb ki, bir sıra beynəlxalq təşkilatlar, həmçinin ölkələr, onların qanunverici orqanları tərəfindən Xocalı faciəsi bəşəriyyətin ən ağır cinayətlərindən biri kimi dəyərləndirilərək bu dəhşətli cinayəti soyqırımı olaraq tanıyıb və müvafiq qərarlar qəbul edib.

Daha sonra Kilsənin pastoru Arnis Buşs çıxış edərək Xocalı faciəsi zamanı həlak olan yüzlərcə günahsız azərbaycanlının əziz xatirəsini dərin hüznlə anaraq dualar oxuyub.

Tədbir azərbaycanlı orqan ifaçısı Natəvan Quliyevanın ifası ilə Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsinə həsr olunmuş Azərbaycan və dünya klassiklərinin – Qara Qarayev, Vasif Adıgözəlov, İohan Sebastian Bax, Nikolaus Bruhns və Georq Mufatın əsərlərindən ibarət orqan musiqi proqramı ilə davam etdirilib.

Tədbirdə iştirakçılara Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən buklet və broşürlər paylanıb, soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb və Xocalı faciəsini əks etdirən lövhə qarşısına gül dəstələri qoyulub.

 

 

Arxiv üzrə axtarış