Latviyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Latviya Xarici İşlər Nazirliyinin, Latviya Seyminin, Türkiyə səfirliyinin nümayəndələri, eləcə də Latviyada fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri, jurnalist və tədqiqatçılar tədbirdə iştirak ediblər.
Əvvəlcə səfirlikdə ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, onun xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və onun gücləndirilməsi istiqamətində yorulmaz fəaliyyətindən, ölkəmizin inkişaf strategiyasının müəllifi olmasından, Ulu Öndərin respublikamızın beynəlxalq arenada layiqli yer tutması üçün həyata keçirdiyi müdrik siyasətdən ətraflı danışıb. Həmçinin bildirib ki, Ümummilli Lider Azərbaycanla Latviya arasında münasibətlərin qurulması və inkişafında mühüm rol oynayıb, Azərbaycan diasporunun təşkilatlanması və gücləndərilməsinə böyük əhəmiyyət verib.
Diplomat Ulu Öndərin milli inkişaf strategiyasının bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, 30 ilə yaxın Ermənistan işğalı altında qalmış torpaqlarımız məhz bu siyasətin məntiqi davamı olaraq 2020-ci ildə Vətən müharibəsində azad edilib, ərazi bütövlüyümüz bərpa olunub və tarixi Zəfər qazanılıb.
Səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq və Azərbaycan xalqı Ulu Öndərin müstəsna xidmətlərini hər zaman minnətdarlıqla xatırlayacaq.
Sonra Latviya Milli Simfonik Orkestrinin musiqiçilərindən ibarət kvartetin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.