2022-05-20

Riqada “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası keçirilib

20 may 2022-ci il tarixində Riqa şəhərində “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası hibrid formatda keçirilib. İclasda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər edib.

Hökumətlərarası Komissiyanın iclasında ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Hər iki tərəfdən aidiyyəti dövlət qurumlarının nümayəndələri hibrid formatda iştirak edərək çıxış ediblər və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq təkliflər irəli sürüblər.

İclas çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıblar. İclasın yekunu olaraq, Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Latviya Respublikasının nəqliyyat naziri Talis Linkaits tərəfindən Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu imzalanıb.

Səfər çərçivəsində nazir M.Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Latviya Respublikasının nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Talis Linkaits, eləcə də Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks, ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Arturs Toms Pleş, kənd təsərrüfatı naziri Kaspars Gerhards və iqtisadiyyat nazirliyinin dövlət katibi Edmunds Valantis arasında ikitərəfli görüşlər keçirilib və aidiyyəti sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün ətraflı fikir mübadiləsi aparılıb.

Nazir M.Babayevin latviyalı həmkarı A.Pleş ilə görüşü zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”inin tətbiqi üzrə ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində əməkdaşlıq haqqında ikiillik (2022-2023-cü illər) İş Proqramı” ikitərəfli sənədi imzalanıb.

Səfər çərçivəsində həmçinin, Azərbaycan nümayəndə heyəti “Cleantech Latvia” şirkətinin təşkil etdiyi, Latviyada tullantıların idarəedilməsi və utilizasiyası, suların idarəedilməsi sahəsində fəaliyyət göstərən aidiyyəti müəssisələri ziyarət edib.

 

Arxiv üzrə axtarış