Latviyada keçirilən tədbirdə Xurşidbanu Natəvanın yaradıcılığından danışılıb
Tədbir Azərbaycanın Latviyadakı səfirliyi, Latviya Universitetinin Akademik Kitabxanası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli şairə Xurşidbanu Natəvanın 190 illik yubileyi və “Şuşa İli” çərçivəsində baş tutub. Tədbirdə Latviyanın elm, mədəniyyət, incəsənət nümayəndələri, həmçinin tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere kitabxananın Azərbaycan səfirliyi ilə səmərəli əməkdaşlığından danışıb. O, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş tədbirin Latviya Universitetinin Akademik Kitabxanasında təşkil edilməsindən məmnunluğunu və kitabxanada görkəmli ədibin ədəbi və bədii yaradıcılığının təqdimatının Latviya ictimaiyyəti tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib. Həmçinin bu tədbirin Latviya Universitetinin Akademik Kitabxanasının Azərbaycan Milli Kitabxanası ilə gələcək əməkdaşlığı üçün gözəl imkan yaratdığını bildirib.
Ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək bu il ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Xan qızı Natəvanın yubiley tədbirlərinin keçirildiyini vurğulayıb. O, səfirlik tərəfindən yubileyi qeyd olunan, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada doğulan Xurşidbanu Natəvanın təkcə ədəbi fəaliyyəti ilə deyil, həmçinin dövrünün incəsənət xadimi, ziyalısı və xeyriyyəçisi olması ilə də tanındığını və sevildiyini qeyd edib. Səfir çıxışında Xurşidbanu Natəvanın zəngin yaradıcılığından, onun, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlandırılmasındakı aktiv iştirakından söz açıb.
Diplomat, həmçinin Natəvanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsindən danışaraq 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Natəvanın büstünün Şuşa şəhərində açıldığını diqqətə çatdırıb. Həmçinin o, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Şuşanın işğalı zamanı abidəni güllələməsindən və zədələməsindən, Şuşa işğaldan azad edildikdən sonra 2021-ci ilin 14 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Natəvanın abidəsinin Şuşaya qaytarılaraq orada bir daha ucaldılmasından danışıb.
E.Sultanov bu tədbirin Azərbaycan-Latviya arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova Azərbaycan Milli Kitabxanası tərəfindən Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanıb istifadəyə verilən onlayn elektron məlumat bazası haqqında təqdimatla çıxış edib. O, Natəvanın həyat və yaradıcılığından söz açıb, sözügedən məlumat bazası haqqında ətraflı məlumat verib və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən Xurşidbanu Natəvanla bağlı biblioqrafiyadan danışıb.
Daha sonra Xurşidbanu Natəvan nəslinin nümayəndəsi, səfirliyin əməkdaşı Nazlı Hacızadə çıxış edərək davamçısı olduğu nəslin nümayəndələrindən, Xan qızı Natəvanla bağlı eşitdiyi xatirələrindən bəhs edib. O, ölkə başçısının əzmi və qətiyyəti ilə torpaqlarımızın Ermənistan işğalından azad edilməsini və Xan qızı Natəvanın abidəsinin Şuşada yenidən ucaldılmasını Xurşidbanu Natəvanın xatirəsinə verilən ən böyük qiymət olduğunu vurğulayıb.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası adından Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzinə Xurşidbanu Natəvanın zəngin həyat və yaradıcılığından bəhs edən kitablar hədiyyə olunub.