2022-09-27

Azərbaycanın Latviyadakı səfirliyində Anım Günü ilə bağlı tədbir təşkil edilib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Latviyadakı səfirliyində Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Latviyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının nümayəndələri, diplomat və tələbələr iştirak ediblər. Tədbirin əvvəlində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunduğunu və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini diqqətə çatdırıb.

Elnur Sultanov çıxışında qeyd edib ki, iki il öncə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb və 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan doğma torpaqlarımız azad olunub. İkinci Qarabağ müharibəsinin şanlı tariximiz olduğunu vurğulayan diplomat əldə etdiyimiz Zəfərlə milli ləyaqətimizi və tarixi ədaləti bərpa etdiyimizi və xalqımızın artıq müzəffər xalq kimi yaşadığını ifadə edib. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, igid övladlarımızın qəhrəmanlığı və xalqımızın birliyi sayəsində şanlı Zəfər qazanıb.

Çıxışında səfir, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilən hərbi cinayətlərdən, o cümlədən Azərbaycanın dinc şəhərlərinin bombalanmasından, düşmənin kapitulyasiya aktını imzalamağa məcbur edilməsindən, yüzlərlə şəhər və kəndlərimizin bir güllə atmadan geri qaytarılmasından bəhs edib. O, qardaş Türkiyə xalqının bu müharibədə Azərbaycanın yanında olmasından danışaraq Azərbaycan-Türkiyə birliyinin regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas amilə çevrildiyini vurğulayıb.

Latviyada yaşayan azərbaycanlı soydaşlarımızın da ürəyinin tarixi Vətənləri ilə bir döyündüyünü bildirən səfir Elnur Sultanov diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin, postmüharibə dövrü və regiondakı yeni reallıqların Latviya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən Vətən müharibəsi iştirakçısı Elmin Kazımlı 44 günlük Vətən müharibəsi zamanı Ordumuzun əks-hücum əməliyyatının dünya hərb tarixinə düşməsindən, Ermənistan tərəfindən törədilən təxribatlardan və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra çıxış edən “Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədov Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Xalqımızın hər bir nümayəndəsinin başıuca və məğrur gəzdiyini diqqətə çatdıran Ulduzxan Əhmədov Latviyada yaşayan azərbaycanlılar adından bu məğrurluğu və qalibiyyəti xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımıza, qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib.

Sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Anım Günü ilə bağlı səfirliyin qarşısında Vətən müharibəsini əks etdirən fotoguşə də təşkil olunub.

Arxiv üzrə axtarış