Latviyanın Tukums bölgəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov Latviyanın Tukums bölgəsinə işgüzar səfər edib.
Səfər çərçivəsində Elnur Sultanov Tukums Şəhər Bələdiyyəsinin sədri Gundars Vaza ilə görüşüb, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə Gundars Vaza Tukumsda həyata keçirilən islahatlar, infrastrukturun yaxşılaşdırılması, şəhərin gələcək inkişafı ilə bağlı planlarını bölüşüb. O, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində və ölkəmizlə sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Sonra səfir E.Sultanov Tukums bölgəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
Diplomat, həmçinin Tukums bölgəsində yerləşən Pastarinşa Muzeyinin 55 illik yubileyi münasibətilə Azərbaycanda yaşayıb-yaratmış Latviyanın tanınmış yazıçısı Ernests Biznieks-Upitisin yaradıcılığına həsr olunmuş konfransda iştirak edib. Çıxışında Ernests Biznieks-Upitisin Azərbaycanda 23 il yaşayıb-yaradaraq zəngin irs qoymasından söz açan səfir, latviyalı yazıçının irsinin bu gün Azərbaycanla Latviya arasında mədəni körpü rolunu oynadığını vurğulayıb. Eyni zamanda, o, XX əsrin əvvəllərində Azərbaycanda böyük Latviya icmasının yaşadığını xatırlayaraq onların ölkəmizin mədəni və ictimai tərəqqisinə verdiyi töhfələri qeyd edib. Səfir ölkəmizdə tarixən mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq Azərbaycanda məskunlaşan latış icmasının burada qarşılıqlı hörmət və etimad mühitində yaşadığını bildirib. O, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Daha sonra Tukums Muzeyinin direktoru Aqrita Ozola Ernest Birznieks-Upitis və Pastarinşa Muzeyi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova Ernest Birznieks-Upitisin Azərbaycanda fəaliyyəti, Yanis Yaunsudrabinş Muzeyinin müdiri İlze Liduma isə Yanis Yaunsudrabinş, Ernest Birznieks-Upitis və Bakı mövzusunda elmi məruzələrlə çıxış ediblər, eləcə də digər tədqiqatçıların mövzu ilə bağlı çıxışları dinlənilib.