2022-10-31

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisi keçirilib

Oktyabrın 27-də ölkəmizin Latviyadakı səfirliyinin “Riqa Art Nuvo Mərkəzi” ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “Abşeronun İpək Qanadları” adlı sərgisinin açılış mərasimi olub.

“Riqa Art Nuvo Mərkəzi”ndə keçirilən sərginin açılış mərasimində Latviya rəsmiləri, diplomatlar, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlər iştirak ediblər.

Rəssam İnna Kostinanın sərgidə nümayiş etdirilən ipək boyama texnikası - batika üzrə əsərlərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazı təsvir olunub. Sərgidə, həmçinin rəssamın digər əsərləri, o cümlədən Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmləri də nümayiş etdirilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edərək Əməkdar rəssam İnna Kostinanın yaradıcılığı haqqında məlumat verib, rəssamın Abşeron və simurq mövzularında, həmçinin kəlağayı ilə bağlı əsərlərinin Azərbaycan mədəniyyətinin və milli kimliyinin mühüm, eyni zamanda, bir-biri ilə əlaqəli elementlərini özündə birləşdirdiyini, bu baxımdan, əsərlərinin dərin məzmuna malik olduğunu qeyd edib. Səfir Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdıraraq, ölkəmizin zəngin mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. O, sərgidə nümayiş etdirilən əsərlərin Azərbaycanın zəngin tarixini, mədəniyyətini, eyni zamanda, multikulturalizm və tolerantlıq ənənələrini təcəssüm etdirdiyini deyib. Diplomat rəssam İnna Kostinanın sərgisinin Riqada təşkil olunmasının Azərbaycan-Latviya mədəni əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, səmərəli əməkdaşlığa görə Riqa Şəhər Şurasının, həmçinin “Riqa Art Nuvo Mərkəzi”nin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

Sonra çıxış edən Riqa Şəhər Şurasının sədr müavini Linda Ozola sərgidə iştirak etməkdən məmnunluğunu bildirərək, layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkür edib. O qeyd edib ki, bu sərgi xalqlarımızın bir-birinin mədəniyyətini daha dərindən başa düşmək üçün çox gözəl imkandır və bu mənada mədəni platformalar xalqlar arasında dialoq üçün körpülər yaradır. Riqa hər zaman çoxmədəniyyətli şəhər olub, XXI əsrdə də bu xüsusiyyətini qoruyub saxlayır və mədəni tədbirlərə məmnuniyyətlə ev sahibliyi edir. Linda Ozola rəssam İnna Kostinanın əsərlərindəki bəzi elementlərin Latviya mədəniyyətinə çox yaxın olduğunu vurğulayaraq, onlara maraqla nəzər saldığını diqqətə çatdırıb.

Rəssam İnna Kostina çıxışında sərgi haqqında məlumat verib. O bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər Abşeron və simurq mövzularını əhatə edir. Bu əsərlərdə ifadə olunan fikirlər ümumilikdə Azərbaycan xalqının ruhunu, adət-ənənələrini və mənəvi dəyərlərini əks etdirir. Rəssam, həmçinin 2003-cü ildən etibarən məşğul olduğu kəlağayılardan ibarət əsərləri haqqında danışıb.

Daha sonra “Riqa Art Nuvo Mərkəzi”nin direktoru Aqrita Tipani azərbaycanlı rəssamın sərgisinin rəhbəri olduğu mərkəzdə təşkilindən məmnunluğunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu sərgidə nümayiş etdirilən simurq quşu ilə bağlı əsərlər, Abşeron yarımadasının gözəl mənzərələri, həmçinin kəlağayılar Azərbaycanın zəngin mədəniyyətinə və adət-ənənələrinə dair elementləri özündə ehtiva edir.

Sonra Azərbaycanın kəlağayı sənəti ilə bağlı videoçarx nümayiş etdirilib və sərgiyə baxış keçirilib.

Sərgi dekabrın 4-dək davam edəcək.

Arxiv üzrə axtarış