2022-11-16

Latviya Musiqi Akademiyasında Azərbaycan musiqisi ilə bağlı ustad dərsləri keçirilib

Azərbaycanın Latviyadakı səfirliyinin Yazeps Vitols adına Latviya Musiqi Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artistləri tarzən Sahib Paşazadə və vokalçı İlham Nəzərov tərəfindən Latviya Musiqi Akademiyasının müəllim və tələbələri qarşısında ustad dərsləri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Latviya Musiqi Akademiyasının tədqiqat və yaradıcı işlər üzrə prorektoru Anda Beitane tədbir iştirakçılarını salamlayaraq Azərbaycan səfirliyi ilə Akademiya arasında uğurlu əməkdaşlıqdan danışıb və bu ustad dərslərinin 2022-ci ildə birgə əməkdaşlıq çərçivəsində Latviya Musiqi Akademiyasında təşkil edilən sayca ikinci tədbir olduğunu xatırladıb. O, bu tədbirlərin Azərbaycanın zəngin mədəniyyətinin, o cümlədən peşəkar xalq musiqisinin Latviyada tanıdılmasında vacib hadisə kimi qiymətləndirib. Latviya Musiqi Akademiyasının müəllim və tələbələri üçün bu ustad dərslərinin Azərbaycanın zəngin musiqi irsi ilə tanışlıq baxımından yaxşı imkan olduğunu vurğulayan Anda Beitane tədbirdə iştirak edən Azərbaycanın Əməkdar artistləri haqqında dinləyicilərə ətraflı məlumat verib.

Sonra çıxış edən səfir Elnur Sultanov Azərbaycanla Latviya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil və mədəniyyət sahələrində uğurla inkişaf edən ikitərəfli münasibətlərdən danışıb və bu əlaqələrin zəngin tarixi köklərə malik olduğunu xatırladıb. Azərbaycan səfirliyinin təşəbbüslərinin həyata keçirilməsinə verdiyi dəstəyə görə Akademiyanın rəhbərliyinə təşəkkür edən diplomat bu ustad dərslərinin qarşılıqlı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Elnur Sultanov, həmçinin UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən Azərbaycan muğamı, tar və kamança haqqında dinləyicilərə məlumat verib.

Daha sonra Əməkdar artist Sahib Paşazadə Azərbaycanın qədim musiqi alətlərindən olan tar haqqında danışaraq, bu musiqi alətinin keçdiyi inkişaf yolundan, texniki imkanlarından və xüsusiyyətlərindən bəhs edib, eyni zamanda, Azərbaycan muğamı ilə sıx bağlılığını diqqətə çatdırıb. Bu mənada o, 7 Azərbaycan muğamı haqqında da məlumat verərək tar musiqi alətində muğamların, eyni zamanda Avropa musiqisinin, o cümlədən Latviya bəstəkarlarının əsərlərinin ifa xüsusiyyətlərini canlı ifalarla nümayiş etdirib.

Əməkdar artist İlham Nəzərov çıxış edərək ölkəmizdə opera sənətinin ənənələrindən və inkişafından bəhs edib. O, bir sıra operalardan ariyaları və müxtəlif musiqi janrlarından olan əsərləri, eləcə də Sahib Paşazadənin tarda müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib.

Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.

Daha sonra Akademiyanın prorektoru Anda Beitane ilə ikitərəfli görüş keçirilib və birgə əməkdaşlığa və gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış