Vayra Vike-Freyberqaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib
Riqa şəhərində Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın anadan olmasının 85 illiyi qeyd edilib.
Tədbirdə səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vayra Vike-Freyberqaya ünvanlanmış təbrik məktubunu oxuyub.
Sonra o, ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalandığını diqqətə çatdıraraq, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Vayra Vike-Freyberqaya təqdim edib.
Vayra Vike-Freyberqa təbrik məktubuna və onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib və bu yüksək təltifin verilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. O, dövlətimizin başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi daimi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə Latviya Prezidenti Eqils Levits, Latviyanın keçmiş prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, bu ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.