Latviya Seyminin sədri: Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşlarındandır
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkə Seyminin yeni seçilmiş sədri Edvards Smiltens ilə görüşüb.
Görüşdə Elnur Sultanov Edvards Smiltensi Latviyanın 14-cü Seyminin sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, 2017-ci ildə Prezident İlham Əliyevin Latviyaya səfəri zamanı Azərbaycanla bu ölkə arasında strateji tərəfdaşlığın yaradılması barədə Birgə Bəyannamənin imzalandığını qeyd edərək parlamentlərarası əlaqələrin tərəfdaşlığımızın dərinləşməsində əhəmiyyətli rolunu qeyd edib.
E.Sultanov iki ölkə arasında cari ildə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını vurğulayıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın latviyalı həmkarı Edvards Smiltensə ünvanladığı təbrik məktubunu qarşı tərəfə təqdim edib.
Edvards Smiltens, öz növbəsində, təbrikə görə təşəkkürünü bildirərək, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və Azərbaycanla əməkdaşlığın Latviya üçün əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin və dostluq qruplarının fəaliyyətinin vacibliyini bildirib. Parlament sədri ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycanla iqtisadi-ticari və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib. Azərbaycanın Avropa İttifaqının vacib enerji tərəfdaşlarından olduğunu vurğulayan Edvards Smiltens ölkəmizin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında artan rolunu təqdir edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.