2023-01-19

Riqa şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

18 dekabr tarixində Riqa şəhərində yerləşən Barrikadalar Muzeyində Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin Barrikadalar Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Latviya Respublikası Seymi, Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərin, akademik, ictimai dairələrin nümayəndələri, eləcə də Latviyada yaşayan həmyerlilərimiz iştirak ediblər.
İlk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov 33 il əvvəl Azərbaycanda, 32 il əvvəl isə Latviyada yaşanan 20 Yanvar faciəsinin ölkəmizdə Ümumxalq Hüzn Günü, Latviyada isə Barrikada Müdafiəçilərinin Anım Günü kimi qeyd olunduğunu xatırladıb. O, 20 yanvar tarixinin hər iki ölkənin tarixinə həm faciəvi gün, həm də xalqlarımızın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsinin simvolu olaraq qəhrəmanlıq günü kimi daxil olduğunu qeyd edib. Səfir çıxışında 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib və qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirib.
O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 20 yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qətliamı kəskin şəkildə qınadığını və onu törədənlərin cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. Səfir Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi olmasından və xalqımızın mübarizə ruhunu gücləndirməsindən danışıb. O, 20 Yanvar hadisələrinə ilk dəfə 1994-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verildiyini, eyni zamanda 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edildiyini vurğulayıb. Həmçinin, həm Azərbaycanda, həm də Latviyada yaşanan 20 Yanvar hadisələri ilə bağlı məlumatlılığın artırılması, bu hadisələrin unudulmaması məqsədilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirib.
Sonra çıxış edən Latviya Seyminin Prezidiumunun katibi, deputat Armands Krauze faciə qurbanlarının xatirəsini yad edərək belə bir tədbir təşkil etdiklərinə görə Azərbaycan Səfirliyinə və Barrikadalar Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, 1991-ci ildə Latviya xalqının azadlıq mübarizəsində barrikadalar hərəkatının tarixi önəmini qeyd edərək həmin günlərlə bağlı xatirələrinin bölüşüb. O, xalqlarımızın ölkələrimizin müstəqilliyi uğrunda canların qurban verən qəhrəmanlarımızı heç zaman unutmayacağını vurğulayıb.
Daha sonra çıxış edən Barrikadalar Muzeyinin direktoru Renars Zalais barrikada hərəkatının aktiv iştirakçısı kimi xatirələrindən, 20 Yanvar tarixinin Latviya xalqı üçün hansı dəyər ifadə etməsindən, 20 Yanvar tarixində baş verən hadisələrdən danışıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik uğrunda mübarizədə böyük qurbanlar verib. O, növbəti illərdə Azərbaycan Səfirliyi ilə birgə hər iki ölkənin tarixçilərinin iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş elmi konfransın keçirilməsini təklif edib.
Çıxışların ardınca Azərbaycan Televiziyası tərəfindən 2021-ci ildə hazırlanan və 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
 

Arxiv üzrə axtarış