2023-05-11

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib

Mayın 10-da Azərbaycanın Latviyadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Latviya Seyminin katibi Armands Krauze, Latviya Prezidentinin xarici məsələlər üzrə müşaviri Solveiqa Silkalna, Latviyanın keçmiş prezidentləri Andris Berzinş, Raymonds Veyonis və Valdis Zatlers, Xarici İşlər Nazirliyinin, diplomatik korpusun nümayəndələri, eləcə də bu ölkədəki Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxışında mayın 10-da müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar əziz xatirəsinin yad edildiyini bildirib.

Diplomat diqqətə çatdırıb ki, Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqına, dövlətçiliyimizin qurulmasına və möhkəmlənməsinə, bütün sahələrin tərəqqisinə, müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyasına həsr olunub. Vurğulanıb ki, müasir Azərbaycan Heydər Əliyevin böyük fəaliyyətinin təntənəsidir və onun tarixi nailiyyətləri Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

Səfir, həmçinin Ümummilli Lider Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, Azərbaycanın azadlıq mübarizəsindəki qətiyyətli fəaliyyətindən, dövlət müstəqilliyimizin gücləndirilməsi istiqamətində gördüyü işlərdən, müəyyənləşdirdiyi milli inkişaf strategiyası əsasında hazırda ölkəmizin dünya dövlətləri arasında özünə layiqli yer tutmasından danışıb.

Ulu Öndərin torpaqlarımızın Ermənistan işğalından azad olunacağına daim inandığını vurğulayan səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə şanlı Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün bərpa edildiyini və Prezident İlham Əliyevin təbrik nitqində atasının vəsiyyətini yerinə yetirdiyini bildirdiyini diqqətə çatdırıb.

Səfir Elnur Sultanov daha sonra Azərbaycan-Latviya münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna rolundan, o cümlədən onun Latviyanın dövlət xadimləri ilə görüşlərindən, tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərimizdən danışıb.

Latviya Seyminin katibi, Seymdə Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Armands Krauze çıxışında Ümummilli Lider Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan tarixində yerindən və ölkəmizin inkişafında müstəsna rolundan danışıb. O, Heydər Əliyevi Azərbaycan xalqının qəhrəmanı və Lideri adlandıraraq onun 20 Yanvar hadisələri zamanı sovet rəhbərliyini qınadığını, Azərbaycanın müstəqilliyi uğrunda vacib qərarlar qəbul etdiyini, xalqı ilə birgə azadlıq mübarizəsi apardığını vurğulayıb. Armands Krauze qeyd edib ki, bu gün Heydər Əliyev tərəfindən güclü dövlətə çevrilən Azərbaycanla Latviya arasında mövcud olan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Latviyanın keçmiş Prezidenti, "Heydər Əliyev" ordenli Valdis Zatlers çıxışında bildirib ki, 100 il əvvəl dünyaya göz açan bir şəxs zamanla öz xalqının atası və müasir Azərbaycanın Liderinə çevrilib. Heydər Əliyev ailədə milli ruhda böyüyüb, yaxşı təhsil alıb və bütün bunlar onun gələcək lider kimi formalaşmasına öz təsirini göstərib. O, öz xalqını dinləyərək, ona yol göstərərək öz dövlətinə beynəlxalq aləmdə çoxlu dostlar qazandırıb. Bu gün həm Azərbaycanda, həm də Latviyada bizim əsas vəzifəmiz Heydər Əliyevin zəngin irsini təşviq etməkdən ibarətdir.

Sonra çıxış edən Türkiyənin Latviyadakı səfiri Şule Öztunç Heydər Əliyevi böyük dövlət xadimi, Azərbaycan xalqının Lideri və öz əsrinin ən parlaq şəxsiyyətlərindən biri kimi qiymətləndirib, dahi Liderin ölkə tarixindəki xüsusi yerindən bəhs edib. Səfir, həmçinin Azərbaycanı müstəqilliyə aparan yolda Heydər Əliyevin gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb. O, Heydər Əliyevin məşhur "Bir millət, iki dövlət" şüarını xatırladaraq Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin qurulmasında, inkişafında onun əvəzsiz xidmətlərini vurğulayıb, Heydər Əliyevin Türkiyədə xatirəsinə böyük ehtiram göstərilən şəxsiyyətlərdən olduğunu vurğulayıb.

Qeyd edilib ki, Heydər Əliyev, sadəcə, Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının birliyi istiqamətində mühüm işlər görüb.

Daha sonra musiqi proqramı təqdim edilib. Konsertdə Latviya Milli Simfonik Orkestrinin musiqiçilərindən ibarət simli kvartetin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Emils Darzinş və Volfqanq Amadey Motsartın əsərləri ifa edilib.

Tədbirin sonunda ziyafət təşkil olunub.

 

 

 

Arxiv üzrə axtarış