“Heydər Əliyev İli” çərçivəsində Latviyada beynəlxalq konfrans keçirilib
Latviya Universitetində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə Azərbaycanın Latviyadaki səfirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəmizin Latviyadakı səfirliyinin, ADA Universitetinin və Latviya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Latviyanın sabiq prezidentləri, tanınmış ictimai-siyasi xadimləri, hər iki ölkənin parlamentlərinin üzvləri, dövlət qurumlarının, diplomatik korpusun, özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri, ali təhsil ocaqlarının, beyin mərkəzlərinin tanınmış mütəxəssisləri və tələbələr iştirak ediblər.
Konfransın açılış sessiyasında çıxış edən ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov, Latviya Seyminin katibi, Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Armands Krauze, Latviya Universitetinin rektoru İndrikis Muijnieks, Latviyanın Nəqliyyat Nazirliyinin parlament katibi Kaspars Gerhards bu il Azərbaycanda böyük dövlət xadimi və uzaqgörən Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli”nin elan edildiyini vurğulayıblar. Azərbaycanın müstəqilliyinin bərpasında, sabit və firavan ölkəyə çevrilməsində, regional əməkdaşlıq, beynəlxalq tərəfdaşlıq təşəbbüslərində Ulu Öndərin tarixi rolu və misilsiz xidmətləri diqqətə çatdırılıb.
Konfransın Latviya Transatlantik Təşkilatının sədr müavini professor Janeta Ozolinanın moderatorluq etdiyi “Geosiyasi təlatümlər zamanı siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq” sessiyasında çıxış edən Latviyanın sabiq prezidenti Valdis Zatlers, Latviyanın Baş nazirinin sabiq müavini, müdafiə naziri Artis Pabriks və digərləri Azərbaycan-Latviya münasibətlərinin uğurlu inkişafı, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın əhəmiyyəti və genişləndirilməsi perspektivləri, həmçinin dünyanın qarşılaşdığı yeni geosiyasi təhdidlər, 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüsləri, Azərbaycanın nümünəvi sabitlik modeli, ölkəmizin xarici siyasətinin əsas istiqamətləri və digər mövzularda fikirlərini bölüşüblər.
Latviya Universitetinin Siyasi Elmlər bölməsinin rəhbəri professor İveta Reinholdenin moderatorluğu ilə keçirilən “Parlamentlərarası və yerli özünüidarəetmə mübadiləsi: sıx dialoq və əməkdaşlıq üçün addımlar nələrdir?” mövzusunda sessiyada çıxış edənlər ölkələrimizin parlamentlərarası əlaqələrinin inkişafından, qarşılıqlı səfərlər, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyəti və gələcək əməkdaşlıq perspektivlərindən danışıblar. Sessiyada, həmçinin iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq sazişinin və protokolunun, həmçinin bu əlaqələrin inkişafı üçün geniş potensialın olduğu diqqətə çatdırılıb. Bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Latviyada Avropa Komissiyası nümayəndəliyinin rəhbərinin müavini Andris Kujnieksin moderatoru olduğu “İqtisadi əməkdaşlıq vasitəsilə böhranlara müqavimətin qurulması” mövzusunda sessiyada ADA Universitetinin prorektoru Elkin Nurməmmədov və Latviya Fiskal Şurasının sədri, professor İnna Steynbuka ölkələrimiz arasında iqtisadi əlaqələrdən, Azərbaycanın iqtisadi inkişafının əsas mərhələlərindən, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində artan rolundan, ölkələrimiz arasında investisiyaların artırılması imkanlarından və digər məsələlərdən danışıblar.
Latviya Universitetinin “Avropa tədqiqatları və iqtisadi diplomatiya” proqramının rəhbəri İnese Abolinanın moderatorluq etdiyi “Akademik və mədəni mübadilələr: tarix və əməkdaşlıq perspektivləri” mövzusunda sessiyada isə Azərbaycan-Latviya mədəni əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən, ölkəmizdəki tolerantlıq ənənələrindən, habelə elm və təhsil sahələrində universitetlər arasında cari əməkdaşlıq və onun perspektivlərindən bəhs olunub.
Həmçinin Latviya Universitetində Azərbaycan-Latviya münasibətlərini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.