2023-11-23

Latviyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert

Riqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Konsert Latviyanın tanınmış mədəniyyət ocaqlarından biri olan və bu ölkənin müasir memarlıq nümunələrindən hesab edilən Latviya Milli Kitabxanasında təşkil olunub.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunduğunu və bu münasibətlə təşkil edilən konsertin əlamətdar hadisə olduğunu bildirib.

Səfir Ümummilli Liderin bütün həyatını Azərbaycan xalqına, Azərbaycanın müstəqilliyinin bərqərar olunması, dövlətçiliyinin qurulması, milli inkişaf strategiyasının müəyyənləşdirilməsinə fədakarcasına həsr etməsinin bariz nümunə olduğunu qeyd edib, görkəmli dövlət xadimi kimi xalqın milli şüuruna hər zaman azadlıq, müstəqillik, milli kimlik ideyalarını aşıladığını vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyevin davamlı mübarizəsi sayəsində Azərbaycan xalqı zamanın mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxıb və bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, müasir və güclü Azərbaycan Ümummilli Liderin böyük həyat fəaliyyətinin və irsinin təntənəsidir.

E.Sultanov Heydər Əliyevin ölkəmizin müstəqil və tarazlı xarici siyasətinin, o cümlədən Azərbaycan-Latviya münasibətlərinin əsasını qoyduğunu və 1994-cü ildə Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin qurulduğunu vurğulayıb. Səfir ölkələrimiz arasında olan əlaqələrin mühüm mərhələlərdən keçərək, Azərbaycanın Baltik regionunda ilk səfirliyinin 2005-ci ildə məhz Latviyada açıldığını, 2017-ci ildə isə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığını və 2024-cü ildə ikitərəfli münasibətlərimizin 30-cu ildönümünün qeyd olunacağını diqqətə çatdırıb.

Sonra Latviya və Azərbaycan musiqiçilərinin Latviyada ilk dəfə olaraq birgə ifa olunan etno-caz konsertində proqrama uyğun olaraq Azərbaycanın Əməkdar artistləri – tarzən Sahib Paşazadə və gitara ifaçısı Ruslan Hüseynov, pianoçu Nicat Aslanov, zərb alətləri ifaçıları Kamran Kərimov və Həsən Bilalov ilə yanaşı, latviyalı musiqiçilər, saksofon ifaçısı Zintis Zvarts və akkordeonçu Rüstəm Bağırov Azərbaycan xalq musiqisi, caz parçaları, o cümlədən Azərbaycan və Latviya bəstəkarlarının əsərlərini uğurla ifa ediblər.

Həmçinin Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisinə həsr olunmuş zəngin və müasir tərtibatlı kitablar səfirlik tərəfindən Latviya Milli Kitabxanasına hədiyyə edilib.

 

Arxiv üzrə axtarış