2024-01-22

Latviyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Latviyanın paytaxtı Riqada 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan Yanvar faciələrinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin Latviyadakı səfirliyindən, əvvəlcə ölkələrimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Barrikadalar Muzeyinin direktoru Renars Zalais 20 Yanvar tarixinin hər iki xalq üçün əhəmiyyətini vurğulayıb, bu iki faciəli tarixin Latviya ilə Azərbaycanda dərin hüznlə qeyd edildiyini bildirib. R.Zalais 1991-ci ilin yanvarında Riqada baş verən hadisələr və “barrikadalar hərəkatı” barədə danışıb.

Sonra Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək 20 Yanvar tarixinin ölkəmizin tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu deyib. O xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürüb, indiki Ermənistandan yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından deportasiya edilib və sovet rəhbərliyi bu qanunsuz hərəkətlərə dəstək verib. Səfir 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbərliyinin göstərişi nəticəsində sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamı kəskin şəkildə qınadığını və onu törədənlərin cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb. E.Sultanov 20 Yanvar hadisələrinə ilk dəfə 1994-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verildiyini və şəhidlərin xatirəsinin əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, bu gün qəhrəman şəhidlərimizin ruhu şaddır, çünki Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edib.

Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxışında faciə qurbanlarının xatirəsinin qəlblərimizdə daim yaşayacağını diqqətə çatdırıb. O, hər iki ölkənin oxşar tarixi keçmişinin olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəallıq göstərən insanların qorxmayaraq sovet ordusunun qarşısına əliyalın çıxdıqlarına diqqət çəkib. O.Burovs qeyd edib ki, həmin insanların cəsarəti və qorxmazlığı nəticəsində ölkələrimiz müstəqillik qazanıb, hazırda isə Azərbaycan və Latviya güclü və çiçəklənən dövlətlərə çevrilib.

Latviyalı tarixçi Edqars Enqizers çıxışında hər iki ölkədə baş vermiş faciəvi hadisələrə tarixi baxışını açıqlayıb. O, sovet hakimiyyətinin son illərində hər iki ölkədə baş vermiş azadlıq hərəkatlarının ümumi amala xidmət etdiyini deyib. Tarixçi alim həmin dövrdə sovet hərbi qüvvəsi ilə üz-üzə qalan Azərbaycan və Latviya xalqlarının məqsədlərindən dönmədiklərini, bu səbəbdən azadlıqlarını qazanmağa müvəffəq olduqlarını vurğulayıb.

Tədbirdə Latviya parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan tələbələr iştirak ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə dair videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

 

Arxiv üzrə axtarış