Latviyada Novruz bayramı münasibətilə tədbir keçirilib
Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ilk dəfə olaraq mədəni tədbir keçirilib.
Tədbir Latviyanın əhəmiyyətli memarlıq abidələrindən biri olan və tanınmış mədəniyyət ocaqlarından sayılan Riqa Bourse İncəsənət Muzeyində təşkil olunub.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxışında ortaq kökləri olan, türk dövlətlərini təmsil edən səfirliklərin birgə qeyd etdiyi Novruz şənliyinin türk dünyası ilə Latviya arasında mədəni körpü rolunu oynadığını və əlamətdar hadisə olduğunu bildirib. Səfir Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb və bu bayramın Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünü və milli kimliyini təcəssüm etdirdiyini söyləyib. E.Sultanov builki Novruzun gəlişinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində qeyd olunmasının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Qazaxıstanın Latviyadakı səfiri Dauren Karipov, Türkiyə səfiri Şule Öztunç və Özbəkistanın müvəqqəti işlər vəkili Akrom Xodjayev çıxış ediblər və Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.
Daha sonra qonaqlara Azərbaycan mədəni proqramı çərçivəsində Latviyada fəaliyyət göstərən “Buta” Azərbaycan Milli Xalq Rəqs Ansamblının ifasında “Qaval” xalq rəqsi təqdim olunub və Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin Caz bölməsinin rəhbəri, tanınmış qarmon ifaçısı Rüstəm Bağırov tərəfindən “Novruzu” Azərbaycan kompozisiyası ifa olunub. Mədəni proqram Türkiyənin “Ebru” sənətinin sərgisi, Qazaxıstanın ”Akjarma” folklor ansamblının çıxışı və Özbəkistanın “Suzani” milli toxuma sənətinin master-klassı ilə davam edib.
Tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri və nümayəndələri, Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik missiyaların rəhbərləri, incəsənət xadimləri, akademik, ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.