Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Latviyadakı səfirliyimizin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində xalçalarımızdan ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgi açılıb.
Sərginin açılış mərasimində çıxış edən Latviyadakı səfirimiz Elnur Sultanov bildirib ki, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu əlamətdar hadisə münasibətlə xalqımız tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq sənətinin gözəl nümunələrinin bu gün Riqada ilk dəfə nümayişi sevindirici haldır. Səfir hazırkı sərginin keçirilməsini ölkələrimiz arasında qurulmuş fəal mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. O, sərgidə qonaqlara təqdim olunan Azərbaycan tar ifasını tədbirə xüsusi rəng qatdığını və Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib. E.Sultanov Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş etdirilməsi məqsədilə “PAŞA Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Azərxalça” tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin yaradıcı qrupu və İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və xalqımızın rəmzinə çevrilmiş sənətlərdən biridir.
E.Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərindən söz açıb və “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlbi, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Sərgidə, həmçinin Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova çıxış ediblər.
Onlar unikal xalça kolleksiyasının sərgidə nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu söyləyib və “PAŞA Holdinq” MMC və “PAŞA Bank” ASC tərəfindən Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya görə təşəkkürlərini bildiriblər. Həmçinin qeyd olunub ki, Azərbaycan və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti cəlb edir və bu oxşarlıqlar hər iki ölkənin mədəniyyətinə təsir göstərmiş qarşılıqlı mədəni əlaqənin əksidir. Latviyanın görkəmli rəssamı və etnoqrafı Yuliy Straumenin bu il anadan olmasının 150 illiyinin qeyd olunduğu və vaxtı ilə ölkəmizə səyahət edərkən onun tərəfindən toplanılmış unikal xalça naxışlarından ibarət əl işlərinin sərgidə nümayişinin ölkələrimiz arasındakı dərin mədəni əlaqələri təcəssüm etdiyi vurğulanıb.
Natiqlər sərginin Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağına və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inamlarını bildiriblər.
Tədbirdə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Xalçalarla yanaşı sərgidə böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.
Qeyd edək ki, sərgidən əvvəl “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və yaradıcı direktor Əsmər Babayeva Latviya Rəssamlıq Akademiyasında Azərbaycan xalçaçılığı üzrə təqdimat keçiriblər. Təqdimatda Azərbaycan xalçaçılıq sənəti və məktəblərindən söz açılıb.
Tədbir zamanı, həmçinin Cəmiyyətin toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.