Riqada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib
Mayın 10-da Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Azərbaycan dövlətçiliyinin yaradılması: inkişaf və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Latviyadakı səfiri Cavanşir Axundov, Latviya Tarix İnstitutunun XX əsr tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru Aynars Lerxis, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev, Latviya Universitetinin Akademik Kitabxanasının direktoru, filologiya elmləri doktoru Venta Kotsere, “Azəri” Cəmiyyətinin rəhbəri Ulduzxan Əhmədov, “Otkrıtıy qorod” jurnalının baş redaktoru Tatyana Fast, “Smart” biznes-klubunun rəhbəri Vladimir Viqman, B.Şukin adına Teatr İnstitutunun professoru Mixail Borisov, Latviya Milli Teatrının aparıcı aktyoru Yakovs Rafalsons, diplomatlar, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbiri açan “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev bildirib ki, bu gün dünya azərbaycanlıları Ulu Öndər, görkəmli siyasətçi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum gününü qeyd edirlər. Azərbaycanın müstəqilliyini və suverenliyini qorunmasında, dağılmış iqtisadiyyatının dirçəldilməsində, güclü dövlət kimi formalaşmasında, ölkə üçün həlledici ideyaların həyata keçirilməsində Heydər Əliyevin xüsusi xidmətləri vurğulanıb.
“Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Azərbaycan dövlətinin təşəkkülü və inkişafı haqqında geniş məlumat verib. Səfir mayın 10-da görkəmli dövlət xadiminin, dünya miqyaslı siyasi liderin, Ulu Öndərin ad günü olduğunu bildirib. O, keçmiş SSRİ dövründə, Azərbaycana rəhbərlik etdiyi zaman Heydər Əliyevin respublikada zavodlar, fabriklər, istehsal sənayesi yaratmaqla müstəqil Azərbaycanın formalaşmasının əsasını qoyduğunu vurğulayıb. C.Axundov qeyd edib ki, həmin dövrdə Azərbaycan gəncləri üçün hərbi təhsil müəssisələri yaradılıb və onların məzunları sonralar azərbaycanlı zabit korpusunun nüvəsi olub.
Səfir Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan 1990-cı ilin 20 Yanvar hadisələrindən danışıb. Məhz ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verdiyi qeyd olunub. Böyük siyasətçi 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə tarixi “Əsrin müqaviləsi”ni imzalamaqla geosiyasi və geoiqtisadi inqilab edib. C.Axundov milli dövlətçiliyin gücləndirilməsi və inkişafında Heydər Əliyevin müstəsna rolunu qeyd edib.
Tarix elmləri doktoru Aynars Lerxis SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanın və Latviyanın dövlətçiliyinin təşəkkülü və inkişafı arasında tarixi paralellər aparıb. A.Lerxis Latviya xalqının milli şüurunun, Latviya dövlət quruculuğunun formalaşması barədə danışıb.
Filologiya elmləri doktoru Venta Kotsere “Latviya-Azərbaycan mədəniyyətlərarası dialoqu”nun təqdimatı ilə çıxış edib. V.Kotsere ölkələrimiz arasında mədəni əlaqələrin qurulması tarixi haqqında slaydlar vasitəsi ilə məlumat verib.
B.Şukin adına Teatr İnstitutunun professoru Mixail Borisov mədəniyyətlərarası dialoqda Azərbaycan rəhbərliyinin rolunu qeyd edib.
Tədbirdə “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev qonaqlara latış dilində nəşr etdiyi “Azərbaycan tarixinin enişli-yoxuşlu yolları” kitabını təqdim edib.