2017-05-29

İnara Murniyetse: Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Mayın 29-da Latviya Seyminin spikeri İnara Murniyetsenin dəvəti ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin bu ölkəyə rəsmi səfəri başlayıb.

Latviya Seymində iki ölkənin parlament rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü olub.

Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Latviya Seyminin spikeri İnara Murniyetse Azərbaycan nümayəndə heyətini salamlayaraq, onları milli bayramımız – Respublika Günü münasibətilə təbrik edib. O, bu yaxınlarda Bakıya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayıb.

İnara Murniyetse vurğulayıb ki, Azərbaycan xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.

Oqtay Əsədov səmimi görüş üçün təşəkkürünü bildirib. Milli Məclisin sədri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və Latviya dost və tərəfdaş ölkələrdir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi qeyd edilir. Oqtay Əsədov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra əlaqələrimiz yeni inkişaf mərhələsinə daxil olub. Bu günə qədər iki ölkə arasında 34 sənəd imzalanıb, daha 8 sənəd üzərində iş gedir.

İnara Murniyetse deyib ki, Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin Riqaya səfərini səbirsizliklə gözləyir və inanırlar ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. O, Azərbaycan diasporunun Latviyanın ictimai-siyasi həyatında, xüsusən iqtisadi sahədə səmərəli fəaliyyətini də qeyd edib.

Seymin spikeri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İ.Murniyetse bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı, bu əlaqələrin inkişafına qanunverici orqanların töhfəsi və qarşılıqlı maraq doğuran başqa məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər əlaqələrimizin daha da genişlənməsinə təkan verir.

Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Latviya arasında ikitərəfli iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. O qeyd edib ki, 2016-cı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi təxminən 9 milyon dollara bərabər olub.

Bu gün Azərbaycanın energetika sahəsində Avropanın etibarlı tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov Azərbaycanın enerji potensialını diqqətə çatdıraraq, ölkəmizdə qazanılmış uğurlardan və reallaşdırılan infrastruktur layihələrindən danışıb.

Milli Məclisin sədri Azərbaycan və Latviya parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işini yüksək qiymətləndirib.

Azərbaycan parlamentinin sədri Milli Məclisin GUAM PA çərçivəsində Baltika Məclisi ilə sıx əməkdaşlığını qeyd edib. O vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.

Spiker Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edərək xatırladıb ki, həmin bəyanatda Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, bu qeyri-insani cinayət pislənilib.

Görüşdə parlamentlərarası əlaqələrin indiki səviyyəsi və inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin, dostluq qruplarının fəaliyyətini daha da gücləndirməyin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov, deputatlar Rövşən Rzayev, Ülviyyə Ağayeva və nümayəndə heyətinin başqa üzvləri iştirak ediblər.

Görüşdən sonra Oqtay Əsədov Riqada Azadlıq abidəsi önünə gül qoyub.

 

Arxiv üzrə axtarış