2017-05-29

Edqars Rinkeviçs: Avropanın enerji arxitekturasında Azərbaycanın rolu yüksək qiymətləndirilir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 29-da Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.

Görüşdə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov, deputatlar Rövşən Rzayev, Ülviyyə Ağayeva və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

Latviya xarici siyasət idarəsinin başçısı Edqars Rinkeviçs əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq.

Oqtay Əsədov qeyd edib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafına töhfə verir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu il Azərbaycan-Latviya ikitərəfli münasibətlərində xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi qeyd olunur. Təsadüfi deyil ki, Baltikyanı ölkələr arasında Azərbaycanın səfirliyi ilk dəfə məhz Latviyada açılıb.

Edqars Rinkeviçs deyib ki, Latviyada Azərbaycan Prezidenti İlham Əliyevin səfərini səbirsizliklə gözləyirlər. Bu səfər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək. Səfər çərçivəsində imzalanması gözlənilən sənədlər ölkələrimiz arasında strateji əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək.

E.Rinkeviçs vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün potensial imkanlar çoxdur.

Görüşdə enerji sahəsində əməkdaşlıq, reallaşdırılan regional layihələr haqqında fikir mübadiləsi aparılıb.

Nazir vurğulayıb ki, Avropanın enerji arxitekturasında Azərbaycanın rolu yüksək qiymətləndirilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində son dərəcə mühüm rol oynayır. Enerji sektorunda əməkdaşlıq Latviya ilə Azərbaycan arasında əlaqələrin vacib sahəsidir.

XİN rəhbəri daha sonra qeyd edib ki, onun ölkəsi Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini tam dəstəkləyir.

Milli Məclisin sədri deyib ki, Azərbaycan mədəni-humanitar sahədə əlaqələrin inkişafında maraqlıdır. Latviyanın Azərbaycan icmasının rolunu xüsusi vurğulayan Oqtay Əsədov qeyd edib ki, Baltikyanı ölkələr arasında ən böyük Azərbaycan icmasının məhz Latviyada yaşaması mədəni əlaqələrin inkişafı üçün möhkəm təməl yaradır. Sevindirici haldır ki, 2013-cü ildə Bakıda Latışlar Cəmiyyətinin fəaliyyəti bərpa edilib.

Spiker diqqətə çatdırıb ki, son illərdə Azərbaycanda mütəmadi olaraq humanitar əməkdaşlıq üzrə beynəlxalq tədbirlər keçirilir. Ölkədə keçirilən beynəlxalq forumlar bunu söyləməyə əsas verir ki, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrilib.

Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Latviya Milli Bədii Muzeyində də olub.

Arxiv üzrə axtarış