Latviyanın aparıcı “Riga TV 24” telekanalında 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.
Latviyanın aparıcı “Riga TV 24” telekanalında 20 Yanvar faciəsi ilə əlaqədar AR-in “CBC” telekanalına məxsus “Qara Yanvar. 2 Nömrəli İş” (Дело №2. "Чёрный январь") sənədli filmi nümayiş etdirilmişdir. Tarixi video-foto materiallar və hadisə şahidlərinin ifadələrinə əsaslanan və “1990-cı ildə Bakıda 20 Yanvar Hadisələri” başlığı ilə təqdim edilən film latış dilinə tərcümə edilmiş və tərcümə subtitrlər ilə təqdim edilmişdir.
Azərbaycan Səfirliyinin sifarişi ilə nümayiş etdirilən filmdə 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin ifadəsi olaraq təqdim edilmişdir. Bu mövzuda keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu izah edilmiş, lakin Qanlı Yanvarın xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi, ölkəmizdə milli azadlıq hərəkatının daha da yüksəlməsi və nəticədə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasına yol açdığı diqqətə çatdırılmışdır. Filmdə Sovet qoşunlarının yüz minlərlə azərbaycanlının kütləvi şəkildə qovulduğu və beləliklə Sovet qanunlarının açıq şəkildə pozulduğu Ermənistan və ya Dağlıq Qarabağa göndərilməsi əvəzinə Bakı və Azərbaycanın digər bölgələrində dinc əhalinin üzərinə yeridilməsi və bunun Sovet dövlətinin öz xalqına qarşı xəyanəti olması ilə bağlı hadisə şahidlərinin fikirlərinə yer verilmişdir.
Həmçinin filmdə 20 Yanvar faciəsinin səbəbləri, bu hadisələrin qurbanları, günahkarları və bu xüsusda keçmiş Sovetlər İttifaqı rəhbərliyinin yanlış qərar və qanunsuz əməlləri barədə geniş məlumat verilmişdir. SSRİ KP-nin Baş katibi Mixail Qarbaçov başda olmaqla 20 Yanvar faciəsinin əsas günahkarlarının hələ də öz layiqli cəzalarını almadığı qeyd edilərək, bu qanlı hadisəyə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin münasibət bildirdiyi qeyd edilmişdir. Bu xüsusda ulu öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə qınayan və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edən bəyanatlarla çıxış etdiyi diqqətə çatdırılmışdır.
Filmin sonuna “Azərbaycan xalqının milli azadlıq mübarizəsi 2020-ci ildə, 44 günlük qalib müharibənin nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşdı, bununla da erməni millətçiləri və vaxtilə keçmiş Sovet rəhbərliyi tərəfindən qızışdırılan münaqişəyə son qoyuldu” yazıları əlavə edilmişdir .
Filmin video yazısı Latviyada ən son xəbərlər, kəskin müzakirələr, maraqlı əyləncə şouları və ən son idman proqramlarını bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə xəbər proqramlarının izləyiciləri arasında tanınmış “XTV.LV” video platformasında yerləşdirilmişdir.
https://xtv.lv/rigatv24/video/jXx7KvlyNDK-notikumi_1990_gada_20_janvari_baku